İrəvanın kənd iddiası: Yeni müharibəyə səbəb ola bilər - NƏ ETMƏLİ?Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycana qarşı 31 kənd iddiası irəli sürməsi sülh prosesinə zərbə vura bilər.

Çünki Ermənistan bunu əsas gətirməklə Azərbaycanın işğal altında olan səkkiz kəndini qaytarmamaq istəyini nümayiş etdirir. Bu isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini göstərir. İşğal faktının davam etməsi sülh sazişinin mümkünlüyünü aradan qaldırır.

Ona görə də Ermənistan ilk növbədə, Qazax rayonun yeddi (Aşağı Əskipara, Yuxarı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Sofulu, Barxudarlı, Qızıl Hacılı) və Sədərək rayonunun Kərki kəndini Azərbaycana qaytarmalıdır. Lakin rəsmi İrəvan müxtəlif manipulyasiyalar etməklə 109 kvadrat kilometr ərazinin işğalından imtina etmək istəmir.

Nikol Paşinyan hökuməti bəzən adıçəklilən kəndlərlə bağlı problemin sərhədlərin delimitasiya və demarkasiyası prosesi çərçivəsində həllini təklif edir. Lakin buna yol verilə bilməz. Çünki sərhədlərin müəyyənləşməsi prosesinə başlanılmayıb. İkincisi, işğal olunmuş səkkiz kəndin 6-sı anklavdır. Bu faktı bəhanə edən Ermənistan sərhədlərin delimitasiyası prosesini 10 illərlə uzada bilər. Beləliklə, Ermənistan vaxt qazanmağa və kəndlərin ilhaqına nail olmağa çalışır.

Ermənistan kəndlərin qaytarılmasından yayınmaq üçün digər variant kimi Azərbaycana ərazi mübadiləsi şərtini irəli sürür. Bu da öz növbəsində, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini isbat edir.

Nikol Paşinyan bu məqsədlə əvvəlcə, guya Azərbaycan Ordusunun Qazax istiqamətində Ermənistanın Karvansaray (İcevan) rayonuna məxsus dörd anklav kəndini nəzarətdə saxladığına dair iddia irəli sürdü. Söhbət tarixi Azərbaycan torpaqları olan Bibiş (Berkaber), Hönüt (Ayqeovita), Lələkənd (Vazaşen) və Tatlı (Paravakar) kəndlərindən gedir. Paşinyan bundan başqa, işğal altındakı səkkiz kəndin qaytarılması müqabilində Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsini tələb edir.

Rəsmi İrəvan bunu Başkəndin Sovet dövründə Ermənistan SSR-in inzibati ərazisinə daxil olması ilə əsaslandırır. Eyni zamanda, Paşinyan Kəlbəcər istiqamətində yerləşən Gorus rayonunun Xəzinavar (Sotk-Xoznavar) kəndinin guya Azərbaycan ordusunun nəzarətinə keçdiyini deyir.

Lakin Azərbaycanın nəzarətində heç bir kənd olmadığından Ermənistanın bu iddiaları öz təsdiqini tapmadı.

Qeyd edək ki, tarixi Azərbaycan torpağı olan Başkənd 1920-ci ildə bolşevik Rusiyası tərəfindən qanunsuz olaraq Ermənistan SSR-in tərkibinə verilib. Yəni Başkəndin Ermənistana verilməsi qanunsuzdur. Birinci Qarabağ müharibəsi zamanı Başkənddə yaşayan ermənilər də separatizm hərəkatına qoşularaq silahlanıb və yolları bağlayıb.

Onlar Gədəbəy rayonunun digər kəndlərinə hücum edib dinc əhalini qətlə yetirib. Ona görə də Azərbaycan Ordusu 1992-ci ilin avqust ayında hərbi əməliyyat keçirərək Başkəndin terrorçulardan azad olunmasına nail olub.

İkincisi, Ermənistan Azərbaycana qarşı müharibə elan etməklə 1991-ci ildə müstəqillik əldə etdikdən sonra mövcud olan sərhədlərindən imtina edib. Ona görə də Başkənd məsələsinə yalnız Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində baxıla bilər.

Səkkiz kənd isə işağl olunduğundan hər hansı ərazi mübadiləsindən söhbət gedə bilməz və qeyd-şərtsiz geri qaytarılmalıdır. Azərbaycan həmin kəndləri güc yolu ilə azad etmək hüququndan istifadə edə bilər.

Xəzinəvar kəndinə gəlincə, hazırda həmin yaşayış məntəqəsində ermənilər yaşayır. Ermənistanın əsas məqsədi Xəzinəvar istiqamətində yerləşən Böyük İşıqlı və Kiçik İşıqlı yüksəkliklərinə nəzarəti ələ keçirməkdir.

Ona görə də Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin “güzgü” prinsipi əsasında həyata keçirlməsini, yəni Azərbaycan qoşunlarının simmetrik qaydada yerləşdiyi mövqelərdən bir neçə kilometr geri çəkilməsi şərtini irəli sürür.

İndi isə Ermənistan Milli Məclsinin sədri Alen Simonyan 31 kəndin Azərbaycanın nəzarətində olduğunu iddia edir.

“Ermənistanın 31 kəndi ya tamamilə, ya da qismən Azərbaycanın nəzarəti altındadır, bu 31 kəndin qaytarılmasından da danışmalıyıq”, - deyə Simonyan bildirib.

Halbuki, Ermənistan tərəfi bu absurd fikri sübut etmək üçün həmin kəndlərin adlarını belə təqdim edə bilmir. Bununla da rəsmi İrəvan ilk növbədə, 8 kəndin işğalına bəraət qazandırmağa çalışır. İkincisi, erməni spikerin şantaj məqsədi daşıyan bu açıqlaması Ermənistanın Azərbaycandan mümkün qədər ərazi qoparmaq istəyindən xəbər verir.

Böyük ehtimalla, Paşinyan hakimiyyəti “31 kəndə” Başkəndi və 44 günlük müharibədən sonra Azərbaycan Ordusunun bərpa etdiyi dövlət sərhədlərinin keçdiyi əraziləri aid edir. Məqsəd 8 kəndin qaytarılmasını arxa plana keçirmək, Başkəndi almaq, Azərbaycan ordusunun Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətində nəzarətə götürdüyü yüksəklikləri, yəni Şurnux kəndi, Gorus-Qafan qolu, Eyvazlı kəndi, Böyük İşıqlı, Kiçik İşıqlı yüksəklikləri, Qaragöl gölü, Buğdadağ dağı və Bala Göyçə gölü ətrafındakı mövqelərindən geri çəkilməsinə nail olmaqdır.

Bütün bunlar isə Azərbaycan Konstitusiyasına və “Dövlət sərhədi haqqında” Qanuna ziddir. Çünki səkkiz kəndin mübadilə edilməsi və başqa dövlət tərəfindən ilhaqı Azərbaycanın dövlət sərhədlərinin dəyişdirilməsi deməkdir.

Azərbaycan Konstitusiyasına görə sərhədlərin dəyişdirlməsi yalnız ümumxalq səsverməsi-referendumla mümkün ola bilər. Doğma torpaqlarının Ermənistana verilməsinə isə Azərbaycan xalqı heç vaxt səs verməz. Eyni zamanda, Konstitusiyada qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz.

“Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir”.

“Dövlət sərhədi haqqında” Qanuna əsasən, Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.

Eyni zamanda, həmin maddənin digər bəndində qeyd edilir ki, Azərbaycanın dövlət sərhədi müəyyən edilərkən və onun keçdiyi xətt dəyişdirilərkən, habelə həmsərhəd dövlətlərlə sərhəd məsələləri nizama salınarkən Azərbaycan Respublikasının milli təhlükəsizliyinin, dövlət suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi prinsipləri rəhbər tutulur.

Yəni işağal altındakı kəndlərin işğal altında qalması Azərbaycanın milli təhlükəsiliyinə, ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına ziddir.

Ona görə də Ermənistanın növbəti dəfə Azərbaycandan torpaq qoparmaq cəhdi müharibəyə və səkkiz kəndin güc yolu ilə azad edilməsinə səbəb ola bilər.

Müəllif: Müşfiq Abdulla - Mənbə: Cebhe.info

Azərbaycanda 2024-cü il fevralın 7-si qeyri-iş günü olacaq.

Gələn il fevralın 7-si çərşənbə axşamına təsadüf edir.

Həmin gün isə iş günü hesab olunurdu. Ancaq dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Seçki Məcəlləsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Məcəllənin 8-ci maddəsində (Seçkilərin (referendumun) təyin edilməsi müddəti qeyd edilib ki, seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir.

Səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

APA xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, polis mayoru Hüseynov Musa Yusif oğlu Qazax rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

M.Huseynov bu təyinata qədər Qazax RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Qərbdə bəziləri sülh prosesinə dəstək vermək əvəzinə, Cənubi Qafqazda vəziyyəti gərginləşdirib, yeni savaşa yol açmağa çalışırlar, Ermənistanın beynəlxalq himayədarları daha dəhşətli regional müharibənin törədilməsi üçün əllərindən gələn hər şeyi edirlər... Bu baxımdan, Rusiya ilə yanaşı, Qərbin maraqları da hazırda Cənubi Qafqazın gələcək perspektivləri qarşısında əsas əngələ çevrilmiş kimi görünür, rəsmi Bakının yaxın gələcəkdə indi baş verənləri mütləq nəzərə almalı olacaq...

Cənubi Qafqaz uğrunda mübarizə artıq “qırmızı cizgiləri” aşmağa başlayıb. Bu regiona yerləşmək üçün “geopolitik pəncərə” axtaran beynəlxalq siyasi iradə mərkəzləri bütün mümkün vasitələrlə Cənubi Qafqazda situasiyanı qəlizləşdirməyə çalışırlar. Üstəlik, onlar bunu həm “sülh göyərçinləri” obrazına bürünərək, etməyə çalışırlar. Və eyni zamanda, sülh prosesində neytral vasitəçi olmadıqlarını da qətiyyən gizlədə bilmirlər.

Məsələ ondadır ki, ABŞ son vaxtlar Ermənistanın əsas beynəlxalq himayədarı missiyasını öz üzərinə götürməyə can atır. Ağ Ev az qala özünü Ermənistanın “toxunulmazlığı”nın yeganə qarantoru kimi aparır. Rəsmi İrəvanı Rusiyaya qarşı radikal xarici siyasət vektoru dəyişikliyinə cəsarətləndirir. Eyni zamanda, Ermənistanın Azərbaycandan müdafiəsini təmin edəcəyini də vəd etmiş kimi görünür. Və bu iki məqam ABŞ-ın sülh prosesində vasitəçilik missiyasını ciddi şübhə altına salır.

Hər halda, ABŞ rəsmi dairələrinin bir müddət öncə Ermənistanı açıq şəkildə dəstəkləyib, Azərbaycana qarşı təhdidkar mövqe nümayiş etdirməsi hələ unudulmayıb. Halbuki, Ağ Ev bu mövqeyi ilə ABŞ-ın Cənubi Qafqaz siyasətini və strateji hədəflərini böyük risk altına saldığını çox tez anladı. Çünki rəsmi Bakı Ağ Evin mövqeyinə sərt və radikal reaksiya verməklə, ABŞ-ın Azərbaycanla belə davrana bilməyəcəyini sübuta yetirdi. Və nəticədə Ağ Ev geri çəkilmək, Azərbaycan-ABŞ münasibətlərini yenidən normallaşdırmaq istiqamətində addımlar atmaq məcburiyyətində qalmış oldu.

Ancaq ABŞ və Qərbin Azərbaycana qarşı təzyiq kampaniyası əvvəlki kimi intensiv xarakter daşıyır. Belə ki, Fransa ABŞ-a paralel olaraq, Ermənistanın beynəlxalq himayədarı roluna iddialı olduğunu qətiyyən gizlətmir. Rəsmi Paris hazırda Ermənistanın silahlandırılması prosesini öz üzərinə götürmüş kimi görünür. Nə qədər köhnəlmiş hərbi texnika olsa da, Fransa Ermənistana artıq “Bastion” zirehli döyüş maşınlarının göndərilməsini təmin edib. Növbəti mərhələdə isə Ermənistana Fransa istehsalı olan radio-lokasiya stansiyaları və zenit-raket komplekslərinin verilməsi nəzərdə tutulub.

Belə anlaşılır ki, indiki situasiyada ABŞ və Fransa sülh prosesinin uğur qazanmasında qətiyyən maraqlı deyillər. Ona görə də, atdıqları addımlarla sülh sazişin imzalanması imkanlarını bloklamağa çalışırlar. Üstəlik, bu iki ölkənin fəaliyyətinin əslində, Cənubi Qafqazda yeni savaş vəziyyətinin yaradılmasına yönəldiyi də diqqətdən yayınmır. Yəni, bu regionda yaxın vaxtlarda növbəti dəfə hərbi toqquşmalar baş verərsə, siyasi məsuliyyəti məhz ABŞ və Fransanın üzərinə düşəcək.

Halbuki, Avropa Birliyi də son vaxtlar regional savaş təhlükəsinin gücləndirilməsində birbaşa iştirak edən tərəfə çevrilməyə başlayıb. Belə ki, Avropa Birliyi Ermənistanın hərbi sektorunun yenidən qurulmasının maliyyələşdirilməsini öz üzərinə götürməyə başlayıb. Eyni zamanda, Avropa Birliyi təmsilçiləri ermənipərəst mövqedən çıxış etməklə yanaşı, Azərbaycana qarşı ittihamlar irəli sürməkdə də yarışa giriblər. Bu proses hazırda Azərbaycan əleyhinə iftira və böhtan kampaniyası mərhələsinə keçirilmiş kimi görünür.

Məsələ ondadır ki, Avropa Birliyi təmsilçilər Azərbaycanı Ermənistana qarşı yeni savaşa hazırlaşmaqda ittiham edirlər. Rəsmi Bakı bu ittihamları dəfələrlə təkzib etsə də, öz iddialarında israrlı olan Avropa Birliyi rəsmiləri Azərbaycana böhtan atmaqda davam edirlər. Bu baxımdan, rəsmi Bakının Avropa Birliyinin sülh vasitəçiliyinə də maksimum səviyyədə tərəddüdlü və ehtiyatlı yanaşması tamamilə başadüşüləndir. Və bu davranışlardan imtina edilməyəcəyi təqdirdə, böyük ehtimalla rəsmi Bakı Fransanın ardınca Avropa Birliyini də sülh prosesindən kənarda qoymalı olacaq.

Maraqlıdır ki, Avropa Birliyinin diplomatiya sahəsinə rəhbərlik edən Jozef Borrel Azərbaycana qarşı iftira və böhtan atmaqda “qırmızı cizgiləri” aşmaqla diqqəti çəkir. Bu avropalı diplomat gözlənilmədən iddia edib ki, guya Azərbaycan ərazisini tərk edən ermənilərin sayı 150 min nəfərdir. Görəsən, Jozef Borrel onları necə sayıb və ya bu rəqəmləri haradan alıb? Axı, heç ermənilər belə, bu məsələdə rəqəmləri Jozef Borrel qədər şişirtməyə çalışmamışdı. Halbuki, ermənilərin elan elədiyi 107 min nəfər rəqəmi də ciddi şəkildə şişirdilib. Və avropalı diplomat “şişirtmə yarışı”nda fırıldqçı, yalançı erməniləri belə, geridə buraxmağı bacarıb.

Erməni mənbələri etiraf edirlər ki, II Qarabağ savaşından sonra Azərbaycan ərazisində 15 min nəfərə yaxın Ermənistan ordusunun hərbçiləri olub. Bu sıraya erməni hərbçilərinin ailə üzvlərini də əlavə etdikdə, bu rəqəm təxminən 60 min nəfərə yaxınlaşır. Eyni zamanda, Qarabağda Ermənistan, Suriya və Livan vətəndaşlarının da məskunlaşdırıldığını nəzərə aldıqda, Azərbaycanı tərk edən ermənilərin yası 107 min deyil, maksimum 20-25 min nəfər ola bilərdi. Və bu, o deməkdir ki, həm Ermənistan, həm də Jozef Borrel rəqəmləri məqsədyönlü şəkildə şişirtməyə üstünlük verir.

Belə anlaşılır ki, Qərbdə bəziləri sülh prosesinə dəstək vermək əvəzinə Cənubi Qafqazda vəziyyəti gərginləşdirib, yeni savaşa yol açmağa çalışırlar. Son vaxtlar Ermənistanın beynəlxalq himayədarları yeni regional müharibənin törədilməsi üçün əllərindən gələn hər şeyi edirlər. Və bu baxımdan, Rusiya ilə yanaşı, Qərbin maraqları da hazırda Cənubi Qafqazın gələcək perspektivləri qarşısında əsas əngələ çevrilmiş kimi görünür.(Yeni Müsavat)

Prezident İlham Əliyev Qranada görüşünə getməməsinin səbəblərini açıqlayarkən maraqlı fikirlər səsləndirib.

Dövlət başçısı bu barədə ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışında bildirib.

“Mən çox təəccübləndim, onlar bu görüşü mənsiz təşkil etdilər. Sanki mən özüm öz toyumda iştirak etmədən məni evləndirdilər. Bunu necə etmək olar? Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı qətnaməni necə qəbul edə bilərlər ki, mən özüm orada olmamışam” - deyə Prezident maraqlı reaksiyası verib.

Qərbin Ermənistanı silahlandırması təkcə Rusiya yox, həm də Azərbaycana qarşıdır -Əgər belə davam edərsə...Avropa İttifaqı Ermənistana texniki missiya göndərəcək. Aİ Ermənistanla təhlükəsizlik sahəsində də əməkdaşlığı inkişaf etdirmək barədə öhdəlik götürüb. Bunu Avropa İttifaqının (Aİ) Ermənistandakı Nümayəndəliyinin rəhbəri Vasiliq Maraqos deyib. Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının nümayəndə heyətlərinin Ermənistana səfərini nəticələrini şərh edən diplomatın sözlərinə görə, Brüssel Ermənistan Silahlı Qüvvələrinə humanitar formatda yardım göstərməklə bağlı konkret təkliflər hazırlamaq üçün cari ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana texniki missiya göndərəcək.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanın "təhlükəsizlik sisteminin möhkəmləndirilməsi" adı altında həyata keçirilən layihə İrəvanı bəzi proseslərdən sığortalamaq məqsədi güdür. Ekspert vurğulayıb ki, bu layihənin maliyyələşməsi Avropa Sülh Fondu tərəfindən reallaşacaq:

"Kimlərsə düşünür ki, Ermənistan konkret maliyyə çərçivəsində hansısa silahlar alacaq. Bu, absurddur. Avropa Rusiyanı Cənubi Qafqazdan və Ermənistandan sıxışdırmağın bədəli kimi üzərinə öhdəliklər götürüb. Qərb gələcəkdə bu istiqamətdə riskləri də nəzərə alır. Rusiya heç də özünün təsir dairəsi saydığı coğrafi ərazidən, öz geosiyasi maraqlarından Qərb dünyası istədi deyə asanlıqla vaz keçməyəcək. Moskva Cənubi Qafqazı özünün təsir dairəsi olaraq görür. Ermənistanın gözlənilən təhdidlərə qarşı daha immunitetli olması üçün orduda müəyyən islahatlar aparılır. Orduda rusyönlü zabitlərin aşkarlanaraq xidmətdən uzaqlaşdırılması, yaxud da cinayət məsuliyyətinə cəlb olunması prosesi gedir. Əlbəttə, prosesin gedişində Ermənistanın işğalçı təfəkkürlə yenidən revanş götürmək cəhdləri də müşahidə oluna bilər. O baxımdan Qərbin Ermənistanı silahlandırması təkcə Rusiya yox, həm də Azərbaycana qarşıdır. Bu məsələ tərəflər arasında gələcəkdə toqquşma riskini də gündəmə gətirir".
Analitik diqqətə çatdırıb ki, Avropa Birliyi bölgədə sülhün bərqərar olması yönündə addımlar atmaq əvəzinə, Ermənistanı silahlandırmaqla, hərbi toqquşmalara təhrik etməklə məşğul olur: "Fransa konkret bununla məşğul olur. Bu da potensial təhlükələr deməkdir. Rəsmi Bakı sülh danışıqlarında bu məqamları nəzərə almalı və İrəvan hökuməti ilə müzakirə predmetinə çevirməlidir. Eyni zamanda Aİ ilə danışıqlar aparmalı və Avropanın enerji təminatı fonunda Azərbaycanla bağlı ciddi təminat alınmalıdır. Əgər Avropa Azərbaycanla əməkdaşlıqda maraqlıdırsa, hansısa ölkəni bizə qarşı silahlandıra bilməz".
Sərhəddə “gərginlik oyunu” siqnalı - Bakı razı olmayacağı təqdirdə..."Rəsmi Bakının təkzib etməsinə baxmayaraq, Ermənistan sərhəddə ölən əsgərin Azərbaycan tərəfindən vurulduğunu iddia edir. Maraqlıdır ki, erməni əsgərin vurulması xəbəri ilk yayılanda İrəvanın rəsmi açıqlaması “dəqiqləşdirmə” yönündə idi, daha sonra Bakı ittiham edildi. Halbuki sərhəd toqquşmalarında belə “dəqiqləşdirmə” təcrübəsi olmayıb". Bu barədə siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib. Ekspert bildirib ki, Ermənistan bu və ya digər səbəbdən ölən hərbçisinin cəsədindən siyasi məqsədlər üçün istifadə etmək niyyətindədir:

"Bu situasiya sərhəddə gözlənilən “gərginlik oyununun” başlana biləcəyi ehtimalını da ön plana çıxarır. Burada xüsusilə diqqətçəkən məqamlar var. Avropa İttifaqının xüsusi nümayəndəsi Tovio Klaarın Bakının təkzib etməsinə rəğmən, Ermənistan tərəfinın iddiasına istinadən sərgilədiyi mövqedir. Azərbaycana qarşı “erməni əsgərin öldürülməsi” ittihamının ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Bakıya səfərindən öncə gündəmə gətirilməsidir. Obraynı Bakıya gətirən səbəblərdən biri Azərbaycanı sülh danışıqlarının Qərb platformalarında aparılmasına, xüsusilə kommunikasiyanın İrəvanın “sülhün kəsişməsi” layihəsinə uyğun açılmasına razı salmaqdır. Müzakirələrdən öncə “Azərbaycan atəş açıb ittihamı”nın irəli sürülməsi və Aİ-nin bunu dəstəkləməsi də “Bakı razı olmayacağı təqdirdə, sərhəd gərginliyi üzərindən təzyiqlə üzləşəcəyi” haqda mesaj xarakteri daşıya bilər".

Biz Avropa Komissiyası ilə, eyni zamanda, müxtəlif istiqamətlərdə fəaliyyət göstəririk, genişlənmə istiqamətində enerji əməkdaşlığı edirik. Avropa Komissiyasından xahiş qəbul etmişik ki, Avropaya qaz ixracı artırılsın, çünki orada sıxıntıları var. Biz bağlılıq haqqında danışırıq, ticarət müzakirə edirik, sərmayələri müzakirə edirik.

Bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda söyləyib.

Lakin Avropa Parlamentinin bir təsisat kimi buna maneə olduğunu vurğulayan dövlətimizin başçısı deyib:

“Bu, bir növ məsuliyyətsiz insanlar qrupudur. Onların bəziləri özünü manyak kimi aparır. Çünki onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji statusundan kənara çıxır. Mən maksimal dərəcədə diplomatik lüğətdən istifadə etmək istəyirəm. Biz nə edə bilərik? Onlar 10-dan çox anti-Azərbaycan qətnamə qəbul ediblər. Biri çox, biri az. Bu, bizim üçün elə bir vacib deyil. Biz buna təəssüf edirik. Sadəcə, onu bəyan edə bilərik ki, biz bunu Avropa İttifaqının üzvlərinin hamısına amil etmirik”

Avropa Parlamentində korrupsiya hallarına toxunan Prezident İlham Əliyev deyib ki, bu qurum ilkin olaraq öz korrupsiya məsələlərini həll etməlidir. Hər hansı digərlərini müəyyən bir günahda ittiham etmək əvəzinə, öz məsələləri ilə məşğul olmalıdır.

“Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar”.

Bu sözləri Prezident İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.

Dövlət başçısı qeyd edib: “Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər”.

Xəbər lenti