![]() |
|
Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi, eləcə də məxfilik qaydaları ilə bağlı mütəmadi olaraq şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, iltizamnamələrə imza atılaraq bununla bağlı öhdəçilik götürürlər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bu hərbi qulluqçulardan bəziləri Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib, digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb.
Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir.
Əlavə olaraq qeyd edək ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib.
Azərbaycanın keçmiş təhsil naziri, türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov "Xankəndi" sözünün hallanarkən yanlış yazılışı və deyilişindən narazı olduğunu açıqlayıb.
Bu barədə professor İqtisadiyyat.az-a açıqlamasında bildirib.
"Xankəndi" sözünün ismin halları ilə yazılış forması var. Lakin bəzi jurnalistlər və televiziya aparıcıları "Xankəndinə" əvəzinə "Xankəndiyə" deyirlər. Eyni zamanda "Xankəndində" sözünü "Xankəndi də" sözü ilə əvəz edirlər. Yəni "n" hərfini yazmırlar. Həmin şəxslər sahib olduqları diplomu necə alıblar, bilmirəm. AMEA-nın Dilçilik İnstitutunun direktoru düzgün qaydasını izah edir, amma bunlar təkzib edirlər. Bu savadla hara gedilir?! Mən dəhşətə gəlirəm", - deyə Firudin Cəlilov etirazını bildirib.
Xatırladaq ki, "Xankəndi" sözünün hallanarkən yazılışı və deyilişi bir müddətdir müzakirə mövzusuna çevrilib. AMEA-nın müşaviri, akademik Möhsün Nağısoylu 2021-ci ildə Dilçilik İnstitutunun direktoru olan zaman "Xankəndi" sözünün ismin yönlük halında işlənməsi ilə bağlı öz mövqeyini açıqlayıb. O, sözügedən toponimin yönlük halda "n" bitişdirici samiti ilə işlənməli olduğunun düzgünlüyü diqqətə çatdırıb. Akademik həmçinin "Xankəndi" sözünün yerlik və çıxışlıq hallarında işləndikdə də "n" bitişdirici samitinin işlənməsinin məqsədəuyğunluğunu da söyləyib.
Amma sonradan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva isə bu sözün hallanarkən "Xankəndiyə", "Xankəndidə" yazılışının doğruluğunu isbat edib.
Bu gün daha 96 keçmiş məcburi köçkün Laçın şəhərinə yola düşüb
Oktyabrın 16-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə – 96 nəfər köçürülür.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 247 ailə, yəni 1 050 nəfərin daimi məskunlaşması təmin edilib.
Oktyabrın 16-da azarkeşlər Azərbaycan-Avstriya matçının keçiriləcəyi stadiona gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər.
Yol-xeber.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
A.Əsgərli xatırladıb ki, oktyabrın 16-da AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanın futbol üzrə milli komandası Avstriya yığması ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da qarşılaşacaq.
DYP rəsmisi qeyd edib ki, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir: "Ərazidə metronun “Gənclik” stansiyasının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər.
Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər. Bir daha azarkeşlərdən əsasən ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edirik”.
Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
“Report” xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 28 ailə - 117 nəfər köçürülüb.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib.
Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.
DİN-dən verilən məlumata görə, çağırışda bildirilir ki, təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər.
"Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq", - deyə vurğulanır:
• Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!
• Yalnız gündəlik işlək yollardan istifadə edin!
• Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!
• Naməlum əşyalara toxunmayın!
• Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!
Xatırladaq ki, bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı hadisəsi baş verib. Nəticədə "Qazel" markalı maşının sürücüsü - 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "Kamaz" tipli yük maşınının sürücüsü - 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.
Qobustan şəhərində şəhid ailələri və müharibə əlillərinin yaşadığı 4 mərtəbəli, 16 mənzilli yaşayış binası əsaslı təmir ediləcək.
Təmir işlərini “Təchizat-24” MMC həyata keçirəcək.
Qobustan Rayon İcra Hakimiyyəti təmirlə bağlı şirkətə 24,406 min manat ödəniş edəcək.
"Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sosial islahatların mühüm uğurlarından biri DOST konsepsiyasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 159 xidmətin "bir pəncərə"dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını, nəticə etibarilə dövlət sosial xidmətlərinin vətəndaş rahatlığı və məmnunluğuna uyğun göstərilməsini təmin edir. Ölkə Prezidentinin fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST mərkəzi açılıb".
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazirin sözlərinə görə, artıq 1,8 milyon vətəndaşa DOST xidməti göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizdir.
S.Babayev xatırladıb ki, işğaldan azad edilmiş bölgələrimizdə də DOST xidmətləri qurulur və başlanğıc kimi 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk "Smart DOST" xidmət məntəqəsi açıldı: "Bu il avqustun 7-də isə Prezident cənab İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST Mərkəzi açıldı ki, bu mərkəz ölkəmizin Qarabağ iqtisadi rayonu üzrə 9 şəhər və rayonun (Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər) sakinlərinə xidmət edir".