Xüsusən Vətən müharibəsinə aid görüntülər sosial şəbəkə seqmentlərində paylaşılır, itkilərlə bağlı dezinformasiyalar yayılır.

Bunu brifinqdə çıxışı zamanı nazirliyin Mətbuat Xidməti İdarəsinin rəis əvəzi Elşad Hacıyev deyib.

Daha sonra E.Hacıyev vətəndaşlara çağırış edib:

"Cəmiyyətə açıq şəkildə çağırış edirik ki, hər kəs əmin olsun ki, həmin ərazilərdə keçirilən tədbirlər tapşırığa, plana uyğun olaraq yüksək dəqiqliklə və həssas formada aparılır. Qarşı tərəfin sosial seqmentlərində yaydığı informasiyaların demək olar ki, 100 faizi tam yalandır, cəfəngiyatdır".

Azərbaycan Ordusunun lokal hərbi əməliyyatlara başlaması fonda TikTok platformasına giriş məhdudlaşdırılıb.

Bu barəsə sosial şəbəkə istifadəçiləri paylaşım edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılması barədə məlumat yayıb.

Bildirilib ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb.

***

Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb:

"19 sentyabr tarixindən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır".

Qeyd edək ki, bu gün Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan əməkdaşlarının fotolarını yayıb.

"Yol-xeber.az" onların fotosunu təqdim edir.

Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Bundan başqa, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Elşən Həsənov həyatını itirib.

 

Sel suları Astara rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub MƏLUMAT

Yol-xeber.az" xəbər verir ki, Yağan güclü yağış nəticəsində yaranan sel suları Astara rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub.

8 metr uzunluğa malik körpülərdən biri Pensər-Toradi avtomobil yolunun 1-ci km-də, Pensər çayı üzərində, digəri 24 metr uzunluğa malik körpü isə Siyəkü-Şəmətük avtomobil yolunun 1-ci km-də, Siyəki çayı üzərində yerləşir. 

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. 

Hal-hazırda sözügedən istiqamətlərdə hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər aparılır.

YOLUNUZ AÇIQ OLSUN...

"Son dövrlər dünyanın bir sıra ölkələrində, eləcə də qonşu Türkiyədə koronavirusa yoluxma sayının artması, eləcə də yeni ştamın ortaya çıxması Azərbaycanı da zəruri profilaktik tədbirlər görməyə məcbur edir. COVID-19-a yoluxmaların sayı artarsa, karantin tədbirləri qaçılmazdır".

Bu fikirləri "Report"a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib.

Onun sözlərinə görə, COVID-19-un yeni ştamı olan "Eris"in bir xüsusiyyəti var ki, insanların immun sistemində gizlənə bilir. Bu xüsusiyyətinə görə yeni ştam insanlarda ağırlaşmalara səbəb ola bilər:

"Bu səbəbdən insanlar maksimum şəkildə qorunmalıdırlar. Əsasən də vaksinasiyası olmayan insanlar təhlükə altındadır. Həmçinin yanaşı xəstəlikləri, onkoloji, revmatoloji xəstəliyi və immun sistemi aşağı olanlar risklə üz-üzədir. Hamilə və azyaşlılar xüsusən özlərini qorumalıdırlar. Bol maye qəbul etməli, maskadan istifadə olunmalıdır. Havalar soyuduğu üçün mövsümi infeksiyaların yayıldığı bir dönəmdəyik".

Həkim-infeksionist qeyd edib ki, sərhədlər açıq olduğu üçün insanlar diqqətli olmalı, özlərini qorumalı və vaksinasiya olunmalıdırlar. Çünki immun sistemi aşağı olanlar nəinki koronavirusun "Eris" növünə, bütün ştamlara yoluxa bilərlər: "Qida rejiminə xüsusi diqqət yetirmək lazımdır. Həmçinin gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə saxlamaq, toplum olan yerlərdən uzaq durmaqla insanlar özlərini və yaxınlarını qoruya bilərlər".

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.

1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açıb.

Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.

Bu gündən sentyabrın 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Festival çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur.

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günü - sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq. Eləcə də Bakıda Fəvvarələr Meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti təqdim edəcək. Həmin gün axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş olunacaq.

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı bu il yeniyetmə və gənclər üçün xüsusi layihələrlə də yadda qalacaq. Belə ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagirdlərindən ibarət 200 nəfərlik birləşmiş Xalq Çalğı Alətləri Orkestri Heydər Əliyev Mərkəzinin parkında çıxış edəcək, gənc istedadların iştirakı ilə bədii proqramlar təşkil olunacaq. Festival günlərində Bakı şəhərindəki iri ticarət mərkəzlərində xüsusi ayrılmış yerlərdə məşhur müğənnilərin ifasında Üzeyir Hacıbəylinin vokal əsərləri karaoke formatında səslənəcək və arzu edən hər kəs bu karaokeyə qoşula biləcək.

ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən tanınmış musiqiçi və kollektivlərin də iştirak etdiyi festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında və digər məkanlarda müxtəlif proqramlar təqdim olunacaq.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 115 il əvvəl tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun edib. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

Bu gün Azərbaycanda Bilik günü qeyd olunur.

Sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.

2023/2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.

Eyni zamanda, 135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Bundan başqa, 114 484 uşaq məktəbəqədər təhsil müəssisəsinə (uşaq bağçası) gedəcək.

Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 481 131 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Yeni tədris ilinin daha bir yeniliyi bütün məktəblərdə vahid məktəbli formasının tətbiqidir.

Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq.

Bundan başqa, işğaldan azad olunan ərazilərimizdəki məktəblərdə yeni tədris ilində ilk zəng çalınacaq. Bura Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi, Tərtər rayonu Talış kənd tam orta məktəbi, Füzuli şəhər 1 nömrəli tam orta məktəb və Laçın şəhər 2 nömrəli tam orta məktəbi aiddir. Həmin məktəblərdə sentyabrın 15-də Bilik günü ilə əlaqəli dərslər keçiriləcək.

Qeyd edək ki, 2023-2024-cü tədris ili iyunun 14-də başa çatacaq.

Bu ilin ilk 7 ayında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3% artaraq 925,3 manat olub. Orta aylıq əməkhaqqıdakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq.

"Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir:

"Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əməkhaqqıda artım tempinə, pensiya kapitalı isə inflyasiya göstəricisinə indeksasiya olunur. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqıdakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur".

Millət vəkilinin sözlərinə görə, bu ilin 7 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11%-ə indeksasiya olunacaq.

"Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq əməkhaqqıdakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir", - deyə V. Bayramov əlavə edib.

Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Taleh Saleh oğlu Əliyevin nəşi doğulduğu Zərdab rayonunun Gödəkqobu kəndinə gətirilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hazırda onunla vida mərasimi keçirilir.

Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Vida mərasimindən sonra onun hərbçimiz Gödəkqobu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, mərhum Taleh Əliyev 10 ilə yaxın idi ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Evli idi, iki qız övladı var.
Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar.

 

 

 

 

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi sentyabr ayının 15-i tarixinə nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Xəbər lenti