Parlaq qələbə ilə başa çatan Vətən müharibəsi doğma torpaqlarımızın düşmən tapdağı altından azad olunmasıyla yanaşı, ölkədə milli ruhun oyanışına, qürurlu, mətin bir xalqın, sanki yeni azərbaycanlıların doğuluşuna səbəb oldu.

Bir gözümüz hüdudsuz qələbə sevincindən doldusa da, o biri gözümüz haqq və ədalət savaşında canından keçmiş əziz şəhidlərimiz üçün yaş axıtdı və hamımızın qəlbində əbədi məşəltək alovlanacaq qürur və ağrı abidəsi – igid Azərbaycan əsgəri abidəsi ucaldı.

Leyla Əliyevanın Azərbaycan əsgərinin ölümsüzlüyü haqqında qələmə aldığı şeirlərini Salam Sarvanın tərcüməsində təqdim edirik.

ƏSGƏR

Əsgər... Ədalətə tapınan insan.

Qəlbi Qələbənin eşqiylə yanar.

Əsgər... Ürəyində vətən vəfası,

Köksündə bir sükut çığırtısı var.

Güllə qabağında qırpılmaz gözü,

Günəşin önünü dağ kəsə bilməz!

Əsgər gözəl bilir: sevginin üzü

Həqiqət nurundan heç vədə dönməz.

Qorxusuz gözləri yırtar gecəni,

Alnına qırmızı kölgə salar dan...

Zülmətdən qorxmağı anlamaq olar,

Dərd odur, dərd odur Gündən qorxasan.

Eşidər Allahın pıçıltısını,

İlahi nəfəsdən gərilər sinə.

O, yalan içində batan dünyanın

Yükünü qaldırar çiyinlərinə.

Əsgər... Öz yurduna ilahi bir pay:

Doğulub müqəddəs gündə, saatda.

Zalımın bu nankor, bu kor kölgəsi

Əriyər qəlbinin işığı altda.

Gərər sinəsini şərə, şeytana,

Elin hər daşının həyanı olar.

Taleyi yazılmış açıq alnını

Söykər sərhəd boyu uzanan yola.

Sancılar bayraqtək yüksəkliklərə,

Günəşə qoşulub yanan çıraqdı.

Yeriyər, yer titrər ayağı altda,

And yeri vicdandı, and yeri haqdı.

Onun vətənindən müqəddəsi yox,

Onun dağlarından yoxdu ucası.

Düşür sümüyünə torpağın indi

Mətin addımların melodiyası.

Hər insan Allahın səsidir axı:

Nə qorxar qanından, nə can əsirgər.

Gözünün rəngində torpaq qarası,

Kürəyi vətənin hasarı əsgər.

***

Bombalar səs-səsə veriblər yenə,

Vətənin bağrından qan axır indi.

Düşmən gülləsinə tuş olan əsgər,

Yaran qəlbin qədər dərin, dərindi.

Ağlayır bir ata itirmiş uşaq,

Ağlayır göylərdə Günəş də bu gün.

Ellikcə savaşa hazırıq, Vətən,

O dərdli uşağın göz yaşı üçün.

Bir gün qayıdacaq yerinə hər şey,

Bir gün sevinəcək bu yurd, bu ocaq...

Ancaq o atanın isti qucağı

Bir də o uşağa açılmayacaq.

Elimiz qələbə sorağı gözlər:

Gözləri yoldadı, qulağı səsdə.

Analar əlini qoyub and içir

Oğul itkisinin ağrısı üstə.

Gün gələr, o zəfər xəbəri gələr,

Öpər igidlərin başdaşlarını.

Ata nisgiliylə qovrulan uşaq

Dəfn elər gözündə göz yaşlarını.

Azərbaycanda bu günə qədər koronavirusa yoluxanların sayı 230 min 617 nəfər təşkil edir.

Baku.ws xəbər verir ki, ölkədə pandemiya ilə əlaqədar aparılan tədbirlər nəticəsində 224 min 168 nəfər COVID-19 virusundan sağalıb.

Bu günə qədər yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 2 426 945 test icra olunub.

Hazırda aktiv xəstələrin sayı isə 3304 nəfər təşkil edir.

Qeyd edək ki, dünyada bəlaya çevrilən COVID-19 virusu, əfsuslar olsun ki, Azərbaycanda bu günə kimi 3145 nəfərin həyatına son qoyub.

Ölkədə koronavirusa yoluxma halları daha çox 2020-ci il 7-13 dekabr tarixində qeydə alınıb. Ən çox yoluxma Bakı (52,2%) və Abşeronun (12,9%) üzərinə düşür. Ən çox yoluxanların yaş bölgüsünə görə 50-59 yaş 21 faizlə üstünlük təşkil edir. Ölkə üzrə yoluxanların 54 faizi qadınlar, 46 faizi isə kişilərdir.

Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdo üzrə yığmamızın aparıcı üzvü İlham Zəkiyev 12 il öncə yaralı halda çəkilən şəkillərini paylaşıb.

Oxu.az xəbər verir ki, 40 yaşlı ikiqat Paralimpiya çempionu 1999-cu ilin fevralın 4-də yaralandığı anı xatırladıb. Zəkiyev həmçinin hərbi xidmətdə olduğu şəkli də bölüşüb.

 

Qeyd edək ki, İlham Zəkiyev həmin tarixdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfdən atılan snayper gülləsinə tuş gəlib. Güllənin onun sağ gicgahından girib, sol gicgahından çıxması nəticəsində beş gün koma vəziyyətində qalıb. Hazırda görmə qabiliyyətini itirmiş Zəkiyev I qrup Qarabağ əlilidir.

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin heyəti, atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki hərbi əməliyyatların yerinə yetirilməsinə nəzarət vəzifələrini davam etdirir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Rusiya hərbçiləri “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəs rejimininin monitorinqini həyata keçirirlər.

Bildirilib ki, Birgə Mərkəzin hərbi qulluqçuları davamlı olaraq pilotsuz uçuş aparatlarından idarəetmə mərkəzinə görüntülər alır, burada hərbi texnika, personalın bütün hərəkətləri analiz edilir və tərəflərin təmas xəttini keçməsinin bütün faktları qeyd olunur.

Birgə Mərkəzin növbətçiləri əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları toplayır, ümumiləşdirir və yoxlayır, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin əldə olunmuş razılaşmalara əməl edilməməsi ilə bağlı məsələlər və ya problemlərlə bağlı şikayətlərə baxırlar.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət edən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Rusiya Federasiyası və Türkiyə Respublikası müdafiə nazirləri tərəfindən 11 noyabr 2020-ci ildə imzalanan Memoranduma uyğun olaraq Azərbaycan Respublikası ərazisində yerləşdirilib.

Mərkəzin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

 

 

 

 
 
 
44 gün davam edən Vətən Müharibəsində qəhrəmanlıq göstərərək tariximizin yaddaşına həkk olunan igidlərdən biri də polkovnik-leytenant Orxan Əkbərovdur.

“Report”un Muğan bürosu şəhidin yaşadığı evdə olub, onun həyat yoluna nəzər salıb.

Ailəsi onun hələ uşaqlıqdan hərbiyə marağı olduğunu bildirib. Uşaqlıq, yeniyetmə və gənclik dövründə zəhmətkeşliyi və hərbiyə olan sevgisi onun sonradan peşəkar və düşmənin qorxulu kabusuna çevrilən hərbçi kimi yetişməsinə səbəb olub.

Elə bu sevgi onu əvvəlcə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və daha sonra peşəkar hərbçi kimi xidmətə aparıb.

Onun anası Sevil Abdullazadə "Report"a deyib ki, Aprel döyüşlərinin tez bitməsindən gileylənən Orxan tezliklə müharibənin başlamasını və torpaqlarımızın azad olunmasını səbrisizliklə gözləyib.

Əkbərov Orxan Nadir oğlu 12 dekabr 1982-ci ildə Saatlı rayonunda anadan olub. 1989-1997-ci illərdə Saatlı rayonu 3 saylı orta məktəbdə, 1997-1999-cu illərdə isə Biləsuvar rayonu 1 saylı tam orta məktəbdə orta təhsil alıb.

O, orta məktəbi bitirdikdən sonra 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb və 2004-2005-ci illərdə Təlim Tədris Mərkəzində ixtisası üzrə bilik və bacarıqlarını daha da təkmilləşdirib.

2005-ci ildən Azərbaycan Ordusunda kəşfiyyat tağım komandiri vəzifəsində, 2007-ci ildən kəşfiyyat bölük komandiri vəzifəsində, 2012-ci ildən bəri isə N saylı hərbi kəşfiyyat bölməsinin rəisi vəzifəsində işləyib.

O, işlədiyi müddətdə xidmətlərinə görə, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif edilib. Qəhrəman zabitimiz Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb və bir sıra uğurlu hərbi əməliyyatlarda iştirak edib. Sonuncu dəfə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşan Orxan şəhid olub və bununla da Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunması uğrunda müqəddəs missiyasını tamamlayıb.

Şəhid zabitimiz oktyabrın 6-da Biləsuvar şəhər qəbiristanlığında dəfn edilib.

Orxan Əkbərov göstərdiyi şücaətlərinə görə, Ali Baş Komandan tərəfindən ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Onun 2 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Hər gün əlimizi, üzümüzü, bədənimizi azı 10 dəfə sabunla yuyuruq. Pandemiya dövrünün də məşhur vasitəsi olan sabun özümüz də bilmədən əleyhimizə işləyir.

Gündəlik gigiyena üçün istehsal olunan, hətta Rusiyanın QOST nişanlı sənaye sabunlarının etiketində xırda hərflərlə 20-dən çox kimyəvi maddənin və qatqının adı yazılır.

Heç kim istifadə etdiyi sabunun konkret olaraq nədən hazırlandığı ilə maraqlanmır.
Bir çox insanlar sadəcə bunu bilir ki, sabun neft tərkibli məhsullardan alınır.

Medicina.az bildirir ki, lakin istənilən sabunun tərkibində laurelsulfat, stabilizatorlar, antibakterial maddə, müxtəlif kimyəvi qatqılar olur.
İndiki sabunların 99%-də heç bir natural yağ, maddə yoxdur.

Sodium Lauryl Sulfate - uşaqlar üçün çox təhlükəlidir. Dəridən və gözdən ürəyə, beyinə, qaraciyər, böyrəklərə kimi keçir. Mutagendir. Dəridə, başda qabıq, quruluq, qaşınma, qızartı yaradır, saçları tökür. Qaraciyər və dalaqda zəhər kimi toplanır.

Mineral Oil - mineral texniki yağdır. Neftdən alınır. Dermatit yaradır, miqren, baş ağrısı, allergiya, A, D, E vitaminin mənimsənilməsini pozur, toksikidir

PROPYLEN GLYCOL - plazmatik zəhərdir, böyrək, qaraciyər və damarların tamlığını pozur

ALUMINUM - dezodarantlarda istifadə olunur. Aliminium duzları orqanizmə düşdükdə ordan çıxmır, beyin və mərkəzi sinir sistemini zədələyir, yaddaşı zəiflədir.

Metil, Etil, formaldeqid - onkologiyaya səbəb olur

SODIUM FLUORIDE - bəd xassəli şişləri aktivləşdirir

DIETHANOLAMINE (DEA (TEA) - təmizləyici maddədir. Bütün şampun, üzqırxma gelləri, duş gelləri, vanna məhsullarında var. Real kanserogen maddədir. Müxtəlif şişlər yaradır.

Sənaye sabununun orqanizmə vurduğu zərərin bir hissəsi, üzdə olanları bunlardır. Bu sabunların dəriyə, saçlara isə birbaşa ziyanı var, heç bir faydası yoxdur, çünki aqressiv kimyəvi tərkibdir.

Xüsusilə çox ucuz sabun və yuyucu gellər normadan qat-qat artıq və qadağan olunmuş maddələrlə hazırlanır.

Tərkibində heç olmasa SLS - laurel sulfat olmayan vasitələr seçin, daha çox təbii sabunlara üstünlük verin.

İlon Maskın “Neuralink” startapı primatın beyninə uğurlu şəkildə implantasiya edilib. Bundan sonra təcrübə heyvanı kompüter oyunları oynaya bilib.

Oxu.az məlumatına görə, bunu milyarderin özü deyib.

Mask meymunun “özünü yaxşı hiss etdiyini və xoşbəxt olduğunu” bildirib.

“Neuralink” layihəsi meymunların başına naqilsiz implant yerləşdirməkdən ibarətdir. Heyvan bundan sonra öz şüuru ilə oyun oynaya bilir.

Sistem bir neçə çipli heyvanla da işləyə bilir, məsələn onlar birlikdə pinq-ponq oynayırlar.

Mask primatların oyunları ilə bağlı videonu təxminən bir ay sonra təqdim edəcəyinə vəd verib.

Azərbaycan hərbçiləri 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq sərgilədilər. Əsgər və zabitlərimiz bununla da ordumuzun gücünü, qələbə əzmini bir daha düşmənə sübut etdilər. Hərb tariximizə salnamə yazan ordumuzun qəhrəman əsgərlərindən biri də Balakən rayonundan olan Məhəmməd Qalakiyevdir.

"Report"un Şimal-qərb bürosu ikinci Qarabağ müharibəsi zamanı ağır güllə və qəlpə yaraları alan qazi ilə həmsöhbət olub.

Qalakiyev Məhəmməd Cavad oğlu 2001-ci ildə Balakən rayonunun Xalatala kəndində anadan olub. Orta təhsilini kənd məktəbində bitirdikdən sonra 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb və ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb. Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Məhəmməd bir sıra əməliyyatlarda şəxsi şücaətləri ilə seçilib, buna görə də əsgər yoldaşları arasında hörmət qazanıb.

Onun ilk uğurlu döyüşü Füzulinin Alxanlı kəndində olub. Alxanlı istiqamətində döyüş yoldaşları ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirib. Onun canlı qüvvəsini məhv edib. Lakin ağır yaralandığı üçün döyüşləri yarımçıq qoymaq məcburiyyətində qalıb.

Məhəmməd 4 güllə yarası alıb. Qəlpələrdən ikisi cərrahi əməliyyatla çıxarılıb. Xəstəxanada müalicə aldığı 3 ay müddətində dövlət tərəfindən qayğı ilə əhatə olunan Məhəmmədin bədənində qalan digər iki mərminin çıxarılması üçün növbəti dəfə cərrahi əməliyyat nəzərdə tutulur.

Qazimiz deyir ki, yaralı olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə hər zaman hazırdır. Qazimizin valideynləri övladları ilə fəxr etdiklərini bildirirlər.

“Telegram” mesencerinə “WhatsApp” yazışmalarının köçürülməsi funksiyası əlavə olunub.

“Telegram”ın təsisçi Pavel Durov bildirib ki, bu funksiyanı əlavə etmək üçün onun komandasına cəmi iki həftə vaxt kifayət edib.

Durovun sözlərinə görə, indiyədək heç bir aplikasiyada belə funksiya olmayıb.  

“Bəzi istifadəçilər “WhatsApp” yazışmalarını “Telegram”a köçürmək üçün yollar axtarırdılar. İki həftə öncə mən anladım ki, bunu reallaşdırmaq mümkündür. Dünən  biz iOS və Android qurğuları üçün köçürmə funksiyasını əlavə etdik”, - deyə o, özünün “Telegram” səhifəsində yazıb.

Şəbəkə təsisçisi həmçinin yazışmaların köçürülməsi funksiyasının istifadə təlimatlarını da paylaşıb. 

Qeyd edək ki, bütün köçürülən yazışmalar çatın sonuna əlavə olunur, lakin tarix və saat məlumatları olduğu kimi saxlanılır.

Hazırda Durov öz əməkdaşları ilə köçürülən yazışmaların qarışdırılması üzərində çalışır.  

44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın idmançıları da hərbi qulluqçu kimi ölkəmizin ərazi bütövlüyü üçün çalışdı. Bunlardan biri də sərbəst güləşçi, yeniyetmə və gənclər üzrə Avropa çempionu, gənclər üzrə dünya çempionu Əfqan Xaşalovdur.

Bu ay ordudan tərxis olunan Əfqan Xaşalov Oxu.Az-a müsahibəsində həm hərb həyatından, həm də güləşdəki gələcəyindən danışıb.

- Hərbiyə nə vaxt çağırıldınız?

 

- Ballıqayada bir ay həqiqi hərbi xidmətdə olduğum üçün sentyabrın 21-də ikinci dəfə hərbiyə çağırıldım. Bir ay təlimdə oldum, üç ay da cəbhə zonasında.

- Hərbi mükəlləfiyyətiniz nə idi?

- Manqa komandiri kimi xidmət etdim. Mənə təhkim olunan silah NSV (Nikitina-Sokolova-Volkova) pulemyotu idi.

- Ərazi olaraq haralarda qulluq etdiniz?

- Əvvəl Gəncədə, sonra Şəmkirin kəndində olduq. Oradan Daşkəsənə, sonra Füzuli, Şuşa və Kəlbəcərə getdik.

- Döyüşlərə nə vaxt qoşuldunuz?

- Noyabrda Füzulinin kəndlərinin azad olunması üçün döyüşlərə qatıldıq.

- Elə an oldu ki, döyüşdə şəhid ola bilərdiniz?

- Demək olar ki, döyüşdüyümüz hər gün... 10 km hər gün arxaya qayıdıb tabora təminat gətirirdim. Ermənilərin snayperləri yolun koordinatını bilirdi, onların güllələri altında gedirdim. Sol gözümə giliz də dəyib. Hətta Füzulidə hospitala apardılar. Amma bir gündən sonra qayıdıb, yoldaşlarıma qoşuldum. İndi sol gözümlə problemlər yaranıb.

- Bəs Şuşadakı döyüşlərdə iştirakınız nə dərəcədə olub?

- Biz həmin vaxt XTQ-nin arxasınca gedirdik. Beş günə 80 kilometr piyada yol getdik. Şuşada yaralılara yardım edirdik, onları yaxınlıqdakı təcili yardım avtomobillərinə çatdırırdıq. Ermənilər hətta təcili yardım maşınlarımızı da vururdular. Üç gün minaatanın atəşi altında qaldıq.

- Nə vaxt tərxis olundunuz?

- Yanvarın 12-də...

- Adətən müharibədən qayıdanlar arasında psixoloji və sağlamlıq problemi yaşayanlar olur. Sizdə bu məsələdə heç bir problem yoxdur ki?

- Hələ orada olanda Azərbaycan Güləş Federasiyasından tez-tez mənimlə əlaqə saxlayırdılar. Hərbi biletimi götürəndən sonra da federasiya mənimlə maraqlandı. Şükür Allaha, yaxşıyam. Qazaxın Yuxarı Salahlı kəndindənəm. Yəni, kənd uşağı olduğum üçün növbəti dəfə də hərbiyə çağırılsam, səhhətlə bağlı problem yaşamaram. Hərbidən qayıtdıqdan sonra sağlamlıqla bağlı problem özünü hələ ki biruzə verməyib. 

- Hərbi xidmətlə bağlı maraqlı hansı xatirələriniz oldu?

- Şuşada erməni evlərindən birinə girəndə qənimət kimi idman ayaqqabısı götürmüşəm. Hələ də onu geyinirəm (gülür). Hara gedirdimsə, oradan salam göndərirdim. Güləşçilərimizdən Rəşad Yusifli Kəlbəcərdən idi. Ona oradan salam yollamışdım.

- Şuşadakı məsciddə namaz qıldınız?

- Əlbəttə. Ermənilər oranı bərbad günə salmışdılar. Amma təmizlədik, camaat namazı qıldıq.

- Müharibə qurtardıqdan sonra orada kiminləsə güləşmək imkanınız oldu?

- Kəlbəcərdə olanda bəli. Qabağıma kim keçirdisə, güləşirdim (gülür). Axşamlar məşq, turnik edirdim, “jim” vururdum ki, formadan düşməyim.

- Hərbidən qayıtdıqdan sonra məşqlərə nə vaxt başladınız?

- Yanvarın 20-dək Qazaxda yüngül qaçışa başladım. Daha sonra Bakıda milli ilə təlim-məşq toplanışına qoşuldum. Çəki ilə bağlı heç bir problemim də yoxdur. Necə getmişdimsə, eyni çəkidə də qayıtmışam.

- Mübarizə apardığınız 57 kiloqram Olimpiya çəki dərəcəsi hesab olunur. Bu çəkidə isə güclü rəqabət var. Bu ay Fransada keçirilmiş Qran Pridə həmin çəkidə millimizin üç üzvü - Mahir Əmiraslanov, İslam Bazarqanov və Georgi Edişeraşvili iştirak edib. Martda Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə bir idmançı aparılmalıdır...

- Şükür Allaha, hər üç idmançı ilə də qarşılaşmışam. Üçü də yaxşı güləşçidir, ancaq onlara Azərbaycan çempionatında da, Yaşar Doğunun xatirəsinə həsr olunmuş Türkiyədə keçirilən turnirdə də qalib gəlmişəm. İlk sınağım 26-28 fevralda Ukraynanın paytaxtı Kiyevdə olacaq. Məncə, orda özünü göstərə bilən idmançı da Macarıstana aparılacaq.

- Soyadına görə, bəzən media işçiləri belə sizi dağıstanlı kimi təqdim edir. Yəqin özünüz də rast gəlmisiniz...

- (gülür) Rast gəlmişəm. Məni ləzgi bilirlər. Hamıya deyirəm ki, qazaxlı balasıyam.

Xəbər lenti