|
Üzümüzün fərqli hissələrində yaranan sızanaqlar bir sıra xəstəliklərin əlaməti ola bilər.
Belə ki, mütəxəssislər sızanaqların üzdə yerləşmə mövqeyinə görə xəstəlikləri təyin etməyin mümkün olduğunu deyir.
Axar.az Medicina.az-a istinadən üzdə yaranan sızanaqların hansı xəstəliklərin xəbərçisi olmasını açıqlayır:
1. Alın hissə
Alında sızanaq çıxması tez-tez rast gəlinən bir hal olsa da ciddi xəstəliklərdən xəbər verir. Belə ki, alında çıxan sızanaqlar stress, yuxusuzluq kimi əlamətlərə səbəb olan qaraciyər, həzm sistemi xəstəliklərindən xəbər verir.
2. Çənə
Çənə hissədə olan sızanaqlar hormonal disbalansın və həzm sistemi problemlərinin göztəricisidir.
3. Üzün kənarları
Aparılan araşdırmaya görə, üzün kənarlarında yaranan sızanaqlar hormonal pozuntu səbəbindən yaranır. İstifadə etdiyiniz kremlər də yaranmasına səbəb ola bilər. Bu zaman kosmetik vasitələrinizi və kremlərinizi dəyişdirməkdə fayda var.
4. Yanaqlar
Yanaqlarda olan sızanaqların ən böyük səbəbi gündəlik istifadə edilən şəkər miqdarıdır. Bundan əlavə, bəzi nəfəs yolları xəstəlikləri və ağciyər problemləri də səbəb ola bilər.
5. Qaşların arası
Qaşların arasında yaranan sızanaqlar qaraciyərdə meydana gələn bir sıra sağlamlıq problemlərinin göstəricisi hesab edilir.
6. Burun və üst dodaq kənarları
Bunun səbəbi çox miqdarda tünd ədviyyatlardan istifadə olunmasıdır. Üst dodaqlarda və burunda yaranan sızanaqlar çox ciddi ürək və böyrək problemlərinin xəbərçisi ola bilər.
Yeni il ərəfəsində Azərbaycana gələn turistlərə hotel və restoranlarda keçirilən şənliklərlə bağlı müxtəlif paketlər təqdim olunacaq.
Bu barədə Trend-ə Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib. K.Quluzadənin sözlərinə görə, xidmətlərdən asılı olaraq qiymətlər dəyişir.
"Bakıda və regionlarda Yeni illə bağlı kütləvi şənliklər keçiriləcək. Bundan əlavə biz Hotellər və Restoranlar Assosiasiyasından məlumat almışıq ki, hotellərin çoxunda Yeni il münasibətilə şoular təşkil olunacaq və bunlar paket şəklində turistlərə təqdim ediləcək. Qiymətlər isə xidmət növlərindən, hotellərin kateqoriyasından və əlbəttə şounun zənginliyindən asılı olaraq dəyişir. Minimum qiymət 40 manatdır. Ən bahalı şou paketləri isə 1000 manatdan yuxarıdır".
K.Quluzadə bildirib ki, ölkəyə turist axınında da artım müşahidə olunur və bu tendensiyanın gələn il də davam edəcəyi gözlənilir:
"Rəsmi statistikaya görə, son 11 ayda ölkəyə gələn turistlərin sayında 6% artım var. Öz araşdırmalarımız da göstərir ki, artım yeni il və qış ayları üçün də bu şəkildə davam edəcək".
Qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6% və ya 151 min nəfər artıb, bununla da sərhədlərimizi keçən səyahətçilərin sayı təxminən 2,5 milyona çatıb.
Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində Azərbaycana gəlmiş səyahətçilərin ümumi sayının 65%-ni təşkil edib.
Ənənəvi olaraq, Pakistan, Hindistan və Türkmənistan Asiya, BƏƏ, Səudiyyə Ərəbistanı və İraq isə Yaxın Şərq bölgəsinin əsas bazarları olaraq qalıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihə çərçivəsində gənc yazar, DGTYB üzvü Elmin Nurinin “Cümhuriyyət – anılar və anlar” kitabı gün üzü görüb.
Kult.az xəbər verir ki, 5 bölümdən (“Cümhuriyyət fədailəri – ruhla tarix yazanlar”; “Cümhuriyyət naxışları – ağ-qara, rəngli hadisələr”; “Məhəmməd Əmin Rəsulzadə – anılar və anlar”; “Şərqin ilk qaranquşu – Cümhuriyyət parlamenti”; “Ədəbi Cümhuriyyət”) ibarət olan kitabda müəllifin ayrı-ayrı portallarda işıq üzü görmüş məqalələrindən istifadə edilib.
Kitabın məsləhətçisi, millət vəkili Cavanşir Feyziyev, baş redaktoru (eləcə də layihə rəhbəri) DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru “Xalq qəzeti”inin əməkdaşı Əfsanə Ələsgərli, rəyçiləri: ADPU-nun rektoru, professor Cəfər Cəfərov və “Modern.az” xəbər portalının baş redaktoru Elşad Eyvazlıdır. Kitabın “Önsöz”ünü AGF-nin İcraçı direktoru Fərid Cəfərov yazıb.
“Cümhuriyyət – anılar və anlar”ın ilk imza törəni 27 dekabr 2018-ci ildə (qeydiyyat başlayır: saat 14.30), Gəncə şəhər Gənclər Evində (Gəncə şəhəri, Nizami rayonu, 28 May küçəsi-34) keçiriləcək.
Onu da vurğulayaq ki, 2019-cu ilin yanvarında Bakı Konqres Mərkəzində kitabın geniş təqdimatı da daxil olmaqla layihənin və icraçı təşkilatın adına, missiya və mandatına uyğun konfrans keçiriləcəkdir.
Azərbaycan yazıçısı, uşaq şairi, filologiya elmləri doktoru, professor, Zahid Xəlilin (Xəlilov) qızı dünyasını dəyişib.
Trend-in məlumatına görə, Z.Xəlilin qızı Şəlalə Nəbiyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və tədrisi metodikası kafedrasının dosenti olub.
Üç uşaq anası olan 45 yaşlı Ş.Nəbiyeva ağır xəstəlikdən əziyyət çəkib.
Qeyd edək ki, Zahid Xəlil hazırda ADPU-nun Ədəbiyyatın tədrisi metodikası kafedrasının müdiri işləyir.
Prezident İlham Əliyevdən müsahibə alan “Rossiya-24” telekanalının “Fikir” (“Мнение”) proqramının aparıcısı Evelina Zakamskaya “Moskva-Bakı”nın müxbiri ilə ölkə başçısıyla söhbətindən danışıb.
“Qafqazinfo” xəbər verir ki, Bakıda anadan olan Evelina İ.Əliyevin ailəsi ilə çoxillik dostluq münasibətindən və Bakının Yeni il gözəlliyindən söz açıb:
- Siz Azərbaycan prezidentindən 5-ci dəfə müsahibə almısınız. Söhbət necə keçdi? İlham Əliyev ilk görüşünüzdən bu yana necə dəyişib?
- Biz bu dəfə görüşəndə prezident vurğuladı ki, artıq 10 ildir tanışıq. Ondan ilk müsahibəni 2009-cu ildə almışam. İlham Əliyevin buna diqqət yetirməsi mənim üçün xoş oldu (gülümsəyir). Nə xaricən, nə də daxilən heç də dəyişməyib. O, həmişə ciddi və işgüzardır. Ona görə ki, bu, bütün ölkənin həyatı və onun dünya arenasındakı mövqeyi ilə bağlı böyük müsahibə idi.
- Kadr arxasında nələrdən danışdınız?
- Hər dəfə çəkiliş bitəndən sonra İlham Əliyev yerindən qalxmağa tələsmir və biz sadəcə şəxsi, digər məsələlərdən danışırıq. Biz ailə, əhval-ruhiyyə, Bakıda hava barədə söhbət edirik...
- İlham Əliyev sizə öz ailəsi haqda danışdı?
- Bir az. Biz onun ümumi əhval-ruhiyyəsi haqqında danışanda mənə aydın oldu ki, onun üçün bir dövlət başçısı kimi həm şəxsi, həm də ictimai məsələlər birdir. Ölkədə baş verən hər bir hadisə onun şəxsi həyatında da əksini tapır. Bu dəfə mənə elə gəldi ki, o, çox sakit və özünə əmin idi. O, sabahkı günə də, hazırda Azərbaycanda baş verənlərin doğruluğuna da əmindir. Dövlət başçısının heç nəyə şübhəsinin olmaması isə ölkənin bütün vətəndaşları üçün mühüm işarədir.
- Siz prezidentin ailəsi ilə tanışsınız?
- Mən birinci xanım Mehriban xanımla tanışam. Mənə ondan müsahibə almaq da qismət olub. Tədbirlərin birində prezidentin qızı Leyla Əliyeva ilə tanış olmuşam. Əliyevlər ailəsinin ictimai fəaliyyət istedadları var və onlar bununla çox uğurla məşğul olurlar.
- Rusiya ilə Azərbaycanın münasibətlərində yeni nə var?
- Bilirsiniz, radikal yeniliklər yoxdur və bu, yaxşı əlamətdir. Biz ölkələrimiz arasında münasibətlərin tədricən inkişafı haqda danışdıq. Dünyada informasiya və siyasi fonun dəyişməsinə baxmayaraq, prezidentlərimiz arasında inam qorunub saxlanılır. Axı dünyanın taleyi real insanların əlindədir! İnsanların siyasi etimada çevrilən inamı isə çox vacibdir. Biz Rusiya ilə Azərbaycan arasında inteqrasiya və iqtisadi proseslərdən, turizm haqda danışdıq. Çünki Bakıya əsas turist axını məhz Rusiyadandır.
- Bu, ölkələrimizin tarixi əlaqələri ilə bağlıdır...
- Bəli, amma təkcə bununla deyil. Prezidentin də qeyd etdiyi kimi, əsas aspekt ölkələrimiz arasında dil baryerinin olmamasıdır. Azərbaycan bu gün rus dilinin mövqeyinin qorunub-saxlanması üçün çox böyük diqqət ayrırır ki, bu da şəxsən məni bir bakılı kimi sevindirməyə bilməz. Əlbəttə, bütün bunlar əlaqələrimizi möhkəmləndirir. Dünyanın ən böyük dillərindən və beynəlxalq ünsiyyyət vasitələrindən biri olan rus dilini bilmək təhsil, mədəniyyət və elm sahələrini genişləndirməyə imkan verir.
- Prezident Azərbaycanda ilin nəticələri barədə çox danışıb.
- Yəqin ki, bu ilin əsas nəticələrindən biri də - Azərbaycan iqtisadiyyatının neftdən asılılığının tədricən azalması və iqtisadiyyatın diversifikasiyasıdır. O, inkişaf etməkdə olan bir sıra sahələri sadaladı, bu sahələrdə real nəticələri və atılan addımları qeyd etdi. Azərbaycanda bir neçə il əvvəl seçilən bu yol inkişaf etməkdə davam edir, ölkə seçdiyi kursdan geri çəkilmir. Bu gün dünya neft bazarında mövcud vəziyyət, xüsusilə xırda və orta biznesə dəstək verilməsi sayəsində ölkə yenidən Rusiya və Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq sahəsinə yönəlir.
- Prezidentlə müsahibələrinizin biri üçün şaftalı rəngli paltar geyinmişdiniz. Bu dəfə isə açıq rəngə üstünlük verdiniz. Daha ciddi obrazda görünmək istəyirdiniz?
- Yox, hər şey çox sadədir (gülür). Bu saç düzümü ilə bağlıdır – o vaxt uzun saçlarım var idi və onlarla yüngül, romantik obraz uyğun gəlirdi. Üstəlik, müsahibə 9 may ərəfəsində alınmışdı. Yaz idi və ona uyğun əhval-ruhiyyə olmuşdu. İndi isə saçlarım qısadır, ənənəvi karedir.
Yeri gəlmişkən, prezident mənə diqqətlə baxdı və dedi ki, biz ilk dəfə görüşəndə mənim belə saç düzümüm olub. Kostyum isə qış fəslinin əhval-ruhiyyəsinə uyğun seçilib. Hər halda keçmişə nəzərən, komplimentlərin sayı az deyildi. Azərbaycanda qadınların nəyi eşitməyə şad olduqlarını bilən kişilərlə qarşılaşmaq hər zaman xoşdur.
- Siz Bakıdan bu yaxınlarda qayıtmısınız. Bayramqabağı atmosfer necə idi? Paytaxtı gəzə bildiniz?
- Bu səfər çəkiliş qrupumuz üçün xüsusi oldu. Bizi hər zaman Azərbaycanda mehriban qarşılayırlar, bu artıq ənənədir. Bu dəfə kadrarxası prezident administrasiyası ilə danışarkən artıq ailə olduğumuzu dedik. Nə qədər k,i Bakı mənim doğma şəhərimdir, bu, mənim üçün belə də olacaq və ora getməyi çox sevirəm. Hər dəfə ora gedəndə sürücüdən xahiş edirəm ki, keçmiş Çapayev, indiki Təbriz küçəsindəki köhnə evimizin yanından gedək. Hazırda o ev yoxdur – onun yerində böyük çoxmərtəbəli yeni bina tikilib. Ətrafındakı evlər isə qalır və mən doğma yerləri asanlıqla tanıdım.
Bakıda Yeni il əhval-ruhiyyəsi hökm sürür. Halbuki, orada hava Moskvadan daha istidir və vaxtaşırı yağış yağır. Hündür Bakı səması qarın olmamasını kompensasiya edir. Küçələr bəzədilib, şəhər bayrama hazırlaşır. Mənim çox xoşuma gəldi ki, Azərbaycanın Şaxta babası var. Santa-Klaus yox, məhz Şaxta baba (gülür). O, mənim uşaqlığımdakı kimi görünür. Bütün bakılılara, Azərbaycan vətəndaşlarına xoşbəxt Yeni il arzulayıram!
Bu gün əhalinin sağlamlığının qorunması, insanlar üçün qlobal təhlükə törədən qrip, xüsusilə "donuz qripi" kimi tanınan A (H1N1) virusu və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə də sərhəd gömrük-buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq iş aparılır.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı, əzələ və oynaq ağrıları və s. simtomplarla özünü büruzə verən, xəstəliyi hava-damcı yolu ilə sağlam insanlara keçirə bilən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər üsullarla tibbi-sanitariya yoxlaması həyata keçirilir.
Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün lazımi şərait yaradılıb və zəruri əşyalarla təchiz olunmuş yerlər müəyyən edilib.
Həmçinin xüsusi qoruyucu geyimlərdən istifadə etməklə nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirləri də həyata keçirilir.
Eyni zamanda fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin "baş bəyannaməsi" sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir.
Bundan başqa, Səhiyyə Nazirliyi, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün mütəmadi əlaqə mexanizmləri müəyyən edilib.
Azərbaycanda özünü ekrtasens kimi qələmə verən Zərinə Ulduz adlı şəxs jurnalistlərlə görüş keçirəcək.
Kult.az xəbər verir ki, o bu barədə Fesybuk hesabında elan paylaşıb.
Görüşün 2019-cu ilin yanvar ayının 5-i, 8-i və 12-də keçiriləcəyi qeyd olunub.
Maraqlısı budur ki, “məşhur ekstrasens”in keçirəcəyi “mətbuat konfransı”na baş sponsorluq edən də tapılıb.
Görüşün harada keçiriləcəyi isə yəgin ki, iştirakçıların öngörü bacarığına buraxılıb.
Əgər vaxtı ilə nazirlikdə çalışan insanlar, o cümlədən bizimlə 12 il çiyin-çiyinə işləyən Ədalət Vəliyev də bu gün işləmək arzusunu ifadə etsə, biz canla-başla onlara lazımi şəraiti yaradacağıq. Hər kəsə böyük hörmətlə yanaşıram. Amma həyat davam edir, heç kim burada əvəzolunmaz deyil.
Report xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
“Sabah mən də olmayacağam, yeni nazir olacaq, Prezidentin siyasəti davam olunacaq, Azərbaycan mədəniyyəti inkişaf edəcək, heç nə də dağılmayacaq. Bunu sizə əmin edirəm. Ona görə də hamıya əlimi uzatmağa hazıram. Hesab edirəm ki, bu gündən etibarən biz nazirliyin yeni strukturunda yeni mərhələyə çatmalıyıq”.
Xatırladaq ki, Ədalət Vəliyev mədəniyyət və turizm nazirinin keçmiş müavinidir. Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi yaradılarkən Ə.Vəliyevə yeni nazirlikdə vəzifə verilməyib. Mətbuatda bu mövzuya həsr edilmiş bir neçə məqalə dərc olunub.
Vatikanın gizli arxivində Azərbaycan tarixinin naməlum səhifələrinin əks olunduğu sənəd və əlyazmalar saxlanılır.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti, tarix və bioloji elmlər doktoru, Roma Papasının gizli arxivində olmuş yeganə Azərbaycan alimi Fərid Ələkbərli danışıb.
Onun sözlərinə görə, Azərbaycan alimləri və tədqiqatçıları bu arxivdə əsrlərdir - ən azı 1300-1400 ildir Azərbaycan tarixinə aid ən mühüm əlyazmaların saxlanmasından xəbərdardır.
“Məhz bu səbəbdən bizlərdən hansısa birimiz Papanın arxivinə düşməliydik. Bakıdan Papanın gizli arxivinə düşməyin yolları barədə məlumat toplamaq üçün məni Vatikana göndərməyə qərar verdilər. Hər şeyi öyrəndim: ora düşə bilmək üçün kompleks iş – məktublar, sənədlər və nəhayət, rəhbərlikdən rəsmi nota lazım idi”, - alim bildirib.
Ələkbərlinin sözlərinə görə, bu işlə məşğul olmaq üçün xüsisi qrup yaradılıb.
“Nəhayət, 2 il keçdikdən sonra 2010-cu ildə Azərbaycana dair tarixi faktları tədqiq etmək üçün Vatikanın gizli arxivini ziyarət etməyə icazə ala bildik. Məni göndərməyi qərara aldılar. Xoşbəxt idim, ancaq eyni zamanda məni orada nəyin gözlədiyini bilirdim”, - Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti deyib.
Alimin sözlərinə görə, Vatikanda Azərbaycana aid əlyazmaların axtarışında əlyazmaların dil prinsipi əsasında qruplaşdırılması çətinlik törədib. Burada Azərbaycan əlyazmaları fars, ərəb və ya türdilli əlyazmalar cərgəsində ola bilərdi. Məhz burada onları ayırd etmək lazım gəlirdi, ancaq onların heç də hamısı qeydiyyata alınıb kataloq və kartotekalara salınmamışdı.
Heyrətamiz tapıntı
Ələkbərlinin sözlərinə görə, axtarış zamanı saxlanılan qədim kitablarda qaz lələyi ilə yazılmış qeydlərdən anlamaq lazım gəlib:
“Mən orta əsrlərə aid 80 əlyazma kitabı, Azərbaycana aid 200-ə qədər sənəd, həmçinin Şirvani təxəllüsü daşıyan müəlliflərə aid 4 əlyazma tapmağa nail oldum. Onların əsərləri və nüsxələri Azərbaycanda yoxdur. Onlar ümumiyyətlə elmi dövriyyəyə buraxılmayıb, tədqiq olunmayıb və bu vaxta qədər naməlum olub. Ola bilər ki, Vatikan kitabxanasında kimsə onlardan xəbərdar olub, ancaq bu əlyazmalar barədə tədqiqat aparılmayıb və elm ictimaiyyətinə Azərbaycan əlyazmaları kimi tanıdılmayıb”.
Qeyd edək ki, Vatikan arxivlərindən orta əsrlərdən bu günə qədərki dövrü əhatə edən sənədlər toplanılıb. Buranın “gizli” arxiv adlandırılmasına səbəb isə Papanın xüsusi arxivi olması və ziyarətlərin məhdudlaşdırılmasıdır.
Şahdağ Turizm Mərkəzində gecə klubu və kinoteatr fəaliyyət göstərəcək.
Axar.az xəbər verir ki, bu sözləri Şahdağ Turizm Mərkəzində təşkil edilən press-turda mərkəzin sədri Rodderix Mark Leffler deyib. O bildirib ki, mərkəzin fəaliyyətində iki əsas məqsəd var:
“Birinci məqsədimiz budur ki, buranı çox sıx əyləncə mərkəzinə çevirək. İkinci məqsəd isə mərkəzimizə daha çox turist cəlb etməkdir. Biz üstün xidmətlər göstərək, Şahdağ Turizm Mərkəzini inkişaf etdirməyə çalışırıq. Həmçinin, burada yerli idman komandalarının olimpiada səviyyəsində yarışlarını təşkil etməyə hazırlaşırıq. Bizim əsas məqsədimizdən biri də buranı yaxşı idman mərkəzinə çevirməkdir.
Bundan başqa, yay mövsümü üçün də planlarımız var. İstəyirik, mərkəzimiz il boyu fəaliyyət göstərsin”.
Sədr onu da qeyd edib ki, bayram ərəfəsi olduğu üçün Şahdağ Turizm Mərkəzində rezervasiyalarda artım müşahidə olunur:
“Turistlərin sayına hava şəraiti də öz təsirini göstərir. Bizim üçün hava şəraiti önəmli faktordur. Havalar soyuq olduqca qonaqların sayı da artır. Son günlərdə həm otellərin, həm də əyləncə mərkəzlərinə gələnlərin sayında ciddi artım var. Hazırda mərkəzimizə daha çox yerli turistlər gəlir. Bununla yanaşı Körfəz ölkələrindən, Rusiyadan da qonaqlarımız var. Qış yeni başlayıb və Yeni il ərəfəsi olduğu üçün düşünürəm ki, xarici qonaqlarımızın da sayı artacaq. 4 oteldən 3-ündə Yeni illə bağlı tədbirlər həyata keçirəcəyik. “Pik Palas”da qiymət digər məkanlara nisbətdə bir qədər yüksəkdir. Bunun səbəbi isə gecədə xalq artisti Aygün Kazımova və digər ulduzların çıxışının nəzərdə tutulmasıdır”.
Sədr mərkəzdə yeni inşa edilən məkan barədə məlumat verib:
“Hazırda ən yüksəkdə olan inşaat nöqtəmizdə liftlər hazırdır. 2 həftədən az vaxt lazımdır ki, orada olan restoranın da tikintisini tamamlayaq. Xizək sürməyi sevənlər üçün ora çox ideal, dəniz səviyyəsindən 2351 metr yüksəklikdə sürüşmə zolağı da salınır. Bu həftənin sonunda məntəqənin işləri tamamlanacaq və xizək sürənlərin istifadəsinə veriləcək.
Düşünürəm ki, Azərbaycan belə təbii şəraiti ilə turizm xəritəsində yeni təyinat nöqtəsi olacaq. Mərkəzimizdə turistlər üçün gündəlik, həftəlik və aylıq paketlərimiz var”.