|
Prezident İlham Əliyevin Bakı şəhərinin və onun qəsəbələrinin yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində tapşırıq və sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunda genişmiqyaslı işlər həyata keçirilir.
Xəzər rayonunda görülən işlər vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan qəsəbədaxili yollarını əhatə edir. Hazırda bu çərçivədə 24 km uzunluğunda bir-neçə yolda təmir-tikinti işləri gedir. Söhbət rayonun 3 yaşayış massivinin yollarından gedir. Bu “Badam bağları”, Südçülük sovxozu” və “Binə aqrokompleksi” yaşayış massivləridir.
Sözügedən yaşayış massivlərinin yolları ümumi istifadədə olan, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların istifadə etdiyi, əsas sosial obyektlərin yerləşdiyi və uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə hərəkətdə ciddi maneələrə səbəb olurdu. Məhz ölkə başçısının tapşırığına əsasən, yolların yenidən qurulması ilə sadalanan problemlər də geridə qalır.
Layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hisələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yataqları avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasın tikintisi işləri görülüb. Bu işlər ümumilikdə 160 min kv.m-dən çox sahəni əhatə edib.
Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılır. Belə ki, yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Bu çərçivədə yollar boyu örtüyün alt layının döşənməsi işləri yekunlaşmaq üzrədir.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Cari ilin əvvəlindən Xəzər rayonunun 6 qəsəsi üzrə vətəndaşların ümumi istifadəsində olan və payız-qış mövsümündə gediş-gəlişdə çətinlik yaşanan torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılan təmir-tikinti işləri çərçivəsində artıq ümumi uzunluğu təqribən 25.5 km olan 22 adda küçənin 180 min kv.m-dən çox sahəsində təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb.
Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə salınıb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və asfaltlanma işləri görülüb.
Ümumilikdə Xəzər rayonu üzrə təmir-bərpa işlərinin aparıldığı ərazilər vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün bu işlərin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarıb.
Prezident İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində Bakı şəhərində bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır.
Sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Hal-hazırda Bakı şəhərində 5 ərazidə piyada keçidlərinin inşası aparılır. Bunlar aşağıdakılardı:
1. Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi. Piyada keçidinin giriş-çıxışları ilə birlikdə uzunluğu 80.2 metr, qalereyasının eni 4.4 metr, hündürlüyü isə 3 metrdir. Keçid bağlı qazma üsulu ilə inşa edilir və H.Əliyev prospektində hərəkətə heç bir maneə yaradılmır. Keçidin tikintisi 75 faiz yerinə yetirilib.
2. Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə yerüstü piyada keçidi. Piyada keçidi üstü açıq və asma tiplidir. Metal konstruksiya orta dayaqsızdır və keçidin əsas hissəsi asma troslar vasitəsilə saxlanılacaq. 3 giriş-çıxışlı olmaqla ümumi uzunluğu 130 metr, eni 3 metr, yol səviyyəsindən hündürlüyü 5.5 metrdir. Piyada keçidində 2 lift quraşdırılacaq. Keçidin tikintisi 80 faiz yerinə yetirilib.
3. Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yerüstü piyada keçidi. Piyada keçidinin uzunluğu 45 metr, eni 3.5 metr, yol üzərindən hündürlüyü isə 5.5 metr təşkil edir. Keçidin bünövrə və dayaq hissələrinin tikintisi başa çatdırılıb.
4.Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidi. Piyada keçidinin ümumi uzunluğu 59.4 metr, oxdan-oxa uzunluğu 52 metr, kənar dayaqlarda hündürlük isə 5.15 metr təşkil edir. Keçidin bünövrə, dayaq və pilləkən hissələrinin tikintisi başa çatdırılıb. Hazırda aşırım hissəsinin yığılması zavod şəraitində aparılaraq yekunlaşdırılır.
5. Xətai rayonu, Neapol küçəsində yerüstü piyada keçidi. Keçidin uzunluğu 76 m, eni – 3.6 m, yol səviyyəsindən hündürlüyü isə 9.4 m-dir. Keçidin dayaqlarının üçü də tam olaraq tikilib. Piyada keçidi aşırım hissəsinin montajı üçün hazırdır. Hal-hazırda aşırım hissəsi isə zavod şəraitində hazırlanır. Tikinti işlərinin 65 faizi yerinə yetirilib.
Piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində 1 ərazidə keçidin tikintisi yekunlaşıb, daha 2 ərazidə isə yeni keçidlərin tikintisinə start verilib.
Tikintisi yekunlaşmış piyada keçidi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də Hökməli dairəsinin yaxınlığındadır. Dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Keçidin eni 3 metr, yol səthindən hündürlüyü isə 5.5 metr təşkil edir.
Daha 2 keçidin isə Qaradağ rayonu ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 39 və 49-cu km-də, Ümid qəsəbəsi və “Yol evi” yaşayış massivində inşasına start verilib. Yerüstü piyada keçidləri metal konstruksiyalı və üstü açıq olmaqla uzunluqları 51 m, eni isə 4 m olacaq. Keçidin dayaqlarının özül hissələri artıq tikilib.
Qeyd edək ki, Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, paytaxt Bakıda və Bakı ətrafı yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkətini, vətəndaşların küçə və prospektlərdən rahat və təhlükəsiz keçidini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində 2016-2018-ci illər ərzində 3 yeraltı, 19 yerüstü piyada keçidi inşa olunub.
Dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xətai rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.
Cari ilin əvvəlindən Xətai rayonu üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 14 km-ə yaxın uzunluğa malik 7 küçədə təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb. Hazırda rayonun “NZS” qəsəbəsinin əsas küçələri olan Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işləri aparılır. Küçələrin ümumi uzunluğu 2 km təşkil edir.
Sözügedən küçələr “NZS” qəsəbəsinin mərkəzi küçələri olmaqla Nobel və Babək prospektlərini birləşdirir. Buna görə küçələr boyu avtonəqliyyat vasitələrinin intensiv hərəkətini müşayət etmək mümkündür. Lakin uzun illər istisma olunmasına baxmayaraq küçələrin təmir olunmaması nəticəsində yolun hərəkət hissəsində qabarma və çökmələr, tor şəkilli çatlar və dağılmalar əmələ gəlib. Bu isə gediş-gəlişə ciddi şəkildə maneə yaradırdı. Hazırda aparılan təmir işləri bu problemin aradan qaldırılmasına, vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin olunması hesablanıb.
AAYDA-nin “Azəryolelmitədqiqatlayihə” institutunun hazırladığı layihəyə əsasən, hazırda küçələr boyu köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır. Daha sonra zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir və bunun ardınca asfaltlanma işləri aparılır.
Yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yağış barmaqlıqları yenilənməsi, mövcud piyada səkilərinin bərpası, kənarlarına isə yeni səki daşlarının düzülməsi layihə üzrə nəzərdə tutulmuş və yerinə yetirilən işlərdəndir.
Təmir işləri ilə əlaqədar olaraq, Süleyman Əhmədov və Oqtay Vəliyev küçələri boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılır. Bu üzdən sürücülərdən sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Ərazidə tıxac yaranmasın deyə onlardan öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, küçələr boyu təmiri yekunlaşmış hissələrdə yolcizgi və yolgöstərici xətlər çəkilməklə hərəkət bərpa olunur. Təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 12 km-ə yaxın uzunluğa malik daha 11 küçədə təmir-tikinti işlərinə start verilməsi nəzərdə tutulur.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38,4 kilometrlik Gəncə-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması 2 mərhələ üzrə həyata keçirilir.
İki müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksində sakinlərin sərnişindaşımaya olan təlabatlarının təmin edilməsi üçün 185 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib. Dəyişiklik sayəsində kompleks sakinləri Sabunçu rayon mərkəzi, Neftçilər metrostansiyası və 8-ci km bazarı istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə etməklə gedib-gələ biləcəklər.
Bununla yanaşı, 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Dəyişiklik Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq edilib. Yeni hərəkət sxeminə əsasən 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Dadaş Bünyadzadə küçəsindən keçməklə hərəkət edəcək. Bununla da qeyd edilən küçədə yaşayan sakinlərin sərnişindaşımaya olan təlabatı təmin ediləcək.
Hər iki dəyişiklik 22.06.2019 tarixindən qüvvədə olacaq.
Bu gün saat 18:00 radələrində Qazax-Bakı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, Qaradağ rayonu ərazisində (Norm Sement Zavodu yaxınlığında) “Ford” markalı mikroavtobus və “Toyota Prado” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib.
**
Ələt-Astara avtomobil yolunda Banqladeş vətəndaşlarından ibarət şirkət işçilərini daşıyan avtobus aşıb.
"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, nəticədə 3 Banqladeş vətəndaşı ölüb, daha 4-ü, həmçinin bir azərbaycanlı yaralanıb.
Ölən və yaralananların dəqiq hansı şəxslər olduğu bilinməsə də, adları aşağıdakı kimidir:
1983-cü il təvəllüdlü Məhəmməd Ərşad
1979-cu il təvəllüdlü Zahangir Alam
1987-ci il təvəllüdlü Ruhul Amin
1990-cı il təvəllüdlü Hüseyn Muhasib
1997-ci il təvəllüdlü Vetri Çelvin
1977-ci il təvəllüdlü Məhəmməd Muxtar
1979-cu il təvəllüdlü İslam Məcdun
1992-ci il təvəllüdlü Ağayev Mehman Azad oğlu (sürücü)
Yaralılar bədənin müxtəlif nahiyələrindən aldıqları xəsarətlərlə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət ediblər.
Qeyd edək ki, əcnəbi vətəndaşlar Səbail rayon Badamdar qəsəbəsində yaşayırlar.
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, ötən əsrin 70-ci illərində o vaxtkı normativlər əsasında tikilmiş bir çox avtomobil yolları kimi Ucar-Zərdab-Ağcabədi yolu da ağır yük maşınlarının sayının kəskin artımı nəticəsində müasir tələblərə cavab vermədiyindən aşınmaya məruz qaldı. Bu isə ciddi mənada hərəkətə maneə törədirdi. Aparılan uğurlu islahatlar nəticəsində dövlət başçısının tapşırıq və sərəncamları ilə magistral yollarla yanaşı, respublika əhəmiyyətli yolların müasir səviyyədə yenidənqurulması işlərinə başlanıldı.
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsi Ucar şəhərinin girişindən başlayaraq 70 km sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhramtəpə avtomobil yoluna birləşir.
Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılır. Bunun üçün mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu işləri, mövcud boruların çıxarılması və yeni boruların tikilməsi işləri yerinə yetirilir.
Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə yerinə yetirilir.
Layihə çərçivəsində uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsü inşa olunacaq. Bundan başqa yol boyu 9 yeraltı keçid, 25 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 48 suötürücü boru və 30 avtobus dayanacağı tikiləcək.
Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.