|
Əfqanıstandakı müharibənin sonlandırılması üçün ABŞ-la Taliban arasında görüş keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə məlumat verən Pakistan Baş naziri İmran Xan tərəflər arasında görüşü nizamladıqlarını və 17 dekabrda görüşün keçiriləcəyini bildirib.
Xan görüşün harada keçiriləcəyinə dair məlumat verməyib.
Azərbaycan ilə sərhəd ərazilər İranın ən təhlükəsiz bölgələridir.
Axar.az xəbər verir ki, bu sözləri İranın Sərhəd Qoşunları Komandanı general Qasım Rzayi deyib.
Azərbaycana etdiyi səfərin yekunları haqqında mətbuata məlumat verən general bildirib ki, tərəflər arasında çox uğurlu danışıqlar aparılıb. Hər iki xalqın eyni tarixi köklərə bağlı olması, dininin və adət ənənələrinin eyni olması dövlətlərin yaxın əməkdaşlığını şərtləndirir. Azərbaycan ilə İran arasında qarşılıqlı əlaqələr inkişaf edir. Bu əlaqələrin inkişafında sərhədçilərin də böyük rolu var. Təhlükəsizliyin təmin olunması, narkotik vasitələrin qaçaqmalçılığının və qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində birgə səylərimizi davam etdirəcəyik. Heç bir tərəf iki qonşu və dost ölkənin münasibətlərini poza bilməz.
General bildirib ki, Azərbaycan və İran prezidentləri əlaqələrin inkişaf etdirilməsi istiqamətində çox uğurlu addımlar atıblar. Dövlət rəhbərlərinin siyasətini sərhədçilər də davam etdirir.
Bakıda keçirdiyi görüşləri yüksək dəyərləndirən general nəzərə çatdırıb ki, danışıqlar zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb və yaxşı nəticələr əldə olunub.
Qeyd olunub ki, gələn il Novruz bayramını Azərbaycan və İran sərhədçiləri birlikdə qeyd edəcəklər. Bu da iki dövlət arasındakı həmrəyliyin nümayişi olacaq.
İrəvan məhkəməsi Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri, baş nazirin keçmiş müavini Armen Gevorkyanın həbsiylə bağlı Ermənistan Xüsusi İstintaq Xidmətinin qaldırdığı vəsatəti ləğv edib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gevorkyanın vəkili Erik Aleksanyan deyib.
Qeyd edək ki, Gevorkyan bundan öncə Konstitusiya Məhkəməsinə müxalifətin 2008-ci ildə etdiyi şikayətinə baxmaması üçün təzyiq etməkdə ittiham edilib.
Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Rusiyanın media nümayəndələri ilə görüşü zamanı Moskva və Minskin birlikdə bir neçə il əvvəl Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səsləndirdiyi təkliflər barədə danışıb.
Axar.az xəbər verir ki, bu barədə “Belta” nəşri informasiya yayıb.
Lukaşenkonun sözlərinə görə, bu məsələ Serj Sərkisyanın prezidentliyi dövründə İrəvanda keçirilən KTMT sammitlərindən birində müzakirə edilib. Lukaşenko Azərbaycan və Ermənistan liderlərini problemi birlikdə həll etməyə çağırıb. Bu məsələdə ortaq mövqe tutan Belarus və Rusiya ehtiyac olacağı halda müəyyən zəmanətlərin təminatı üçün hərbi kontingent yeridilməsinə də söz verib.
“Daha sonra artıq açıq şəkildə dedim: eşit, onların dediyi kimi 7 rayon işğal edilib. Serj, 5 rayonu qaytar. Qaytarmamaq üçün nə səbəbin var, o ərazilər boşalır. Sərkisyan isə cavabında “Əgər qaytarsam, onlar orada yolu kəsəcək və Qarabağı alacaqlar” dedi. Biz isə Putinlə buna imkan verməyəcəyimizi, lazım gələrsə, qoşun yeridiləcəyinə söz verdik. Ancaq Sərkisyan “Yox, biz buna getməyəcəyik. Biz bunu istəmirik” cavabını verdi”, - Lukaşenko bildirib.
Lukaşenko bu vəziyyətdə təəccübləndiyini də gizlətməyib:
“Niyə istəmirlər? 5 rayon boşalır. Bu, birinci addım olur. O zaman Azərbaycan və Ermənistan həm KTMT, həm də AİB-də birlikdə ola bilərdi. Niyə imtina etdiniz? Yaxşı, Rusiya Azərbaycanın olduğunu etiraf etdiyiniz bu rayonlar azad ediləcəyi halda orada heç vaxt müharibə olmayacağı barədə zəmanətlə çıxış etdi axı”.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan, Rusiya və SSRİ-nin xalq artisti Tahir Salahovun sərgisində iştirak edib.
Trend-in məlumatına görə, sərgi rəssamın 90 illik yubilieyi əlaqədar Bakı Ekspo Mərkəzində keçirilir.
S.Lavrov sərgi zamanı rəssamla da görüşüb. Sərgidən sonra nazir, Tahir Salahova Rusiya XİN-in mükafatını təqdim edib.
Rusiya İranı asanlıqla qurban verə bilməyəcək.
Bunu Axar.az-a “Rosneft”in İranın Milli Neft Şirkətiylə birgə layihələrdən imtina etməsinin səbəbləri haqda danışan politoloq Tofiq Abbasov deyib.
“Rusiya ali siyasi rəhbərliyinin verdiyi vədlər çərçivəsində razılaşdırılmış layihələrin bir çoxunu aşağı elitanın bəzi nümayəndələri gizli şəkildə sabotaja məruz qoyurlar, İran tərəfi bu məsələni açıq şəkildə Rusiyanın ali siyasi rəhbərliyi qarşısında qaldırıb. Bu baxımdan da Rusiya İranı asanlıqla qurban verə bilməyəcək. Ümumiyyətlə, istənilən halda İranın alternativləri də çoxdur”, - politoloq bildirib.
Politoloq sözügedən qərarın siyasi səbəblərdən daha çox iqtisadi konyekturanın yaratdığı bir vəziyyətdən qaynaqlandığını düşünür:
“Belə bir qərarın verilməsinin səbəbi geosiyasi proseslərlə əlaqədar deyil. Düzdür, Rusiya-İran münasibətlərində xeyli ziddiyyətlər var. Ancaq İrana qarşı sanksiyalar artıq işə düşüb və bir çox şirkətlərin İranla əməkdaşlığı genişləndirməsi istiqamətində xeyli problemlər ortaya çıxıb. Çünki İranın SVİFT sistemindən xaric edilməsi artıq böyük və qarşısıalınmaz problemlər yaradır. “Rosneft” iri şirkətdir və görünür, riskləri götür-qoy etsə də, ortaq əmsal tapa bilməyib. Yəni şirkətin bu addımı sırf sanksiyaların iqtisadi zəmində İran üçün böyük problemlər yaratması ilə əlaqədardır”.
Politoloq onu da bildirib ki, Rusiya tərəfi İran qarşısında cavabdehliyini hiss edir və buna görə hərəkət edir:
“Bu qərar sözügedən əməkdaşlığın tamamilə dayandırılması anlamına gəlməməlidir. Artıq Rusiyadakı dairələr də bildirilər ki, “Rosneft”i “Lukoil” və başqa şirkətlər əvəz edə bilər. Üstəlik, Moskvanın da sözügedən qərarda heç bir siyasi motivin olmaması üzərində israr etməsi onu göstərir ki, bu, sırf iqtisadi zəmində olan problematik şəraitlə əlaqədar konyekturadır. Çox güman ki, tərəflər yaxın günlərdə məsələ ilə bağlı açıqlama verəcəklər və yaranmış bu qeyri-müəyyənliyə aydınlıq gətirəcəklər”.
Qeyd edək ki, “Rosneft” İran Milli Neft Şirkətiylə birgə layihələrdən imtina edib.
Ermənistan Rusiyadan donuz və quş əti idxalını dayandırıb.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Qida Təhlükəsizliyi Dövlət Xidməti yayıb.
Qadağanın müvəqqəti tətbiq edildiyi bildirilib. Buna səbəb kimi donuz ətində Afrika vəbası, quş ətində isə quş qripi virusunun aşkarlanma göstərilib.
13:01
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə ölkələr arasında problemli məsələlərin həlli üçün tezliklə görüşmək istədiyini bildirib.
Axar.az xəbər verir ki, o, bunu rusiyalı jurnalistlərlə Minskdəki görüşündə deyib.
“Açığını desəm, Belarus-Rusiya qarşılıqlı fəaliyyətinin nəticələri ilə bağlı görüş keçirməyə hazırlaşırdıq. Məsələlər hələ də qalır. Yaxın zamanda rusiyalı həmkarımla bunu həll etməyə çalışacağıq”, – deyə o bildirib.
***
Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 25-də Moskvada görüşəcək.
Bu barədə məlumatı Kreml sözçüsü Dmitri Peskov verib.
Çin Amerika istehsalı olan avtomobillərə və onların ehtiyat hissələrinə 25 faizlik əlavə verginin tətbiqini üç ay müddətinə təxirə salıb.
Axar.az xəbər verir ki, bu barədə Anadolu informasiya agentliyi Çin Maliyyə Nazirliyinin bəyanatına istinadla məlumat yayıb. Nazirlik bildirib ki, Amerika avtomobillərinə və onların ehtiyat hissələrinə 25 faiz əlavə verginin yanvarın 1-dən martın 31-dək təxirə salınmasına dair qərar ABŞ Prezidenti Donald Tramp və Çinin dövlət başçısı Si Cinpin arasında bu yaxınlarda əldə olunmuş razılaşmaya əsasən qəbul edilib.
Beləliklə, Pekin Vaşinqtonun 200 milyard dollar dəyərində Çin mallarına tətbiq edəcəyi əlavə vergiyə cavab olaraq ABŞ-da istehsal olunan avtomobillər və onların ehtiyat hissələri üçün 40 faizə qaldırdığı vergini 15 faizə endirib.
ABŞ avtomobilləri Çinin avtomobil idxalının təxminən 25 faizini əhatə edir. Pekin ötən il bu ölkədən 250 mindən çox avtomobil idxal edib.
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Argentinada keçirilən G20 sammitində görüşərək 90 gün ərzində yeni gömrük vergisi tətbiq etməmək barədə razılığa gəliblər.
15:15
Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Ermənistanın rəhbərləri həll edə bilərlər. Beynəlxalq vasitəçilər ötən illər ərzində vəziyyətin tənzimlənməsi üçün heç bir şey etməyiblər.
Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiya mətbuatının nümayəndələri ilə görüşü zamanı deyib.
“Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupu bu onillik ərzində heç bir şey etməyib və hər iki lider bir masada əyləşib, “Gəlin problemi insanların maraqları çərçivəsində həll edək” deməyənə qədər də etməyəcək”.